Qərbi Afrikadan Qırmızı dənizə qədər uzanan 3 milyon kvadrat kilometr ərazini əhatə edən Sahel bölgəsi ölkələrində qoşunları olan Fransa Mali, Niger və Burkina-Fasodakı qoşunlarını tamamilə geri çəkib. Bölgə ölkələrindən biri olan Çad noyabrın 28-də Fransa ilə imzaladığı müdafiə sənayesi və təhlükəsizlik müqaviləsini ləğv edib, bu ayın sonunda Fransa hərbi qulluqçularının ölkədən tamamilə çəkiləcəyi açıqlanıb.
Seneqal prezidenti Bassiru Diomay Fay da bütün xarici hərbi qulluqçulara 2025-ci ilə qədər ölkə ərazisindən çəkilmə əmri verdiyini bildirib, Fransa hərbi qulluqçularının ölkəsindən geri çəkiləcəyini ifadə edib.
Müstəmləkəçilərdən qurtulma axını
Sahel və Sahara bölgəsi üzrə ekspert Əhməd Nurəddin Fransanın bir çox ölkədən hərbi qüvvələrini çıxarmaq məcburiyyətində qalması və bu ölkələrin bundan necə təsirlənəcəyini dəyərləndirib. Nurəddin Fransanın Afrikadakı hərbi varlığını azaltmasının bir çox amillərlə, o cümlədən Fransanın bu ölkələrə iqtisadi və mədəni təsirinin azalması ilə bağlı olduğunu bildirib.
Afrika ölkələrinin köhnə müstəmləkə keçmişindən qurtulmaq istədiklərini qeyd edən Nurəddin Afrikada bu güclərə qarşı çıxan bir “axın”ın olduğunu bildirib: “Afrikada bu tendensiyanın səbəbləri yerli və spesifik olsa da, sosial media vasitəsilə sistematik kənar dəstək də var”.
Fransanın bölgədəki təsirinin azalmasında xarici təsirlərin rolunu qiymətləndirən Nurəddin deyib: “Biz Fransanın regionda mövcudluğuna qarşı kampaniyanın gücləndiyini görürük. Bir çox müxtəlif mənbələr bu kampaniyanın arxasında Rusiyanın və müəyyən dərəcədə Çinin olduğunu iddia edirlər”.
Nurəddin Fransanın Afrikadakı təsirinin azalmasında “daxili amillər”in də təsirli olduğunu, Parisin son 30 ildə Şərqi Avropadakı bazarını gücləndirməyə və Avropa İttifaqı daxilində təsirini artırmağa diqqət yetirdiyini bildirib.
Rusiya, Çin və Hindistan kimi güclərin Fransanın bölgədə azalan gücünün yaratdığı boşluqdan faydalanmaq istədiklərini qeyd edən Nurəddin ABŞ və Yaponiya kimi güclərin Çinin bu boşluğu doldurmasına mane olmaq üçün bilərəkdən və ya bilməyərəkdən Fransanın yerini tutduqlarını qeyd edib.
“Fransanın bölgədəki təsirinin azalmasının bir səbəbi də onun Ruanda və Mərkəzi Afrika Respublikasındakı qırğınlara birbaşa və ya dolayısı ilə cavabdeh olmasıdır”
Fransanın Afrikadakı təsirinin azalması eyni zamanda Mali, Burkina-Faso və Nigerdə hərbi çevrilişlər dövrünə təsadüf edib. Üç ölkənin mülki idarəçiliyə çağıran Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə də gərgin münasibətləri var. Niger, Mali və Burkina-Fasonun ortaq sərhəd bölgəsində yerləşən “Liptako-Gourma” adı altında üç ölkə arasında ortaq müdafiə, qarşılıqlı iqtisadi yardım müqaviləsi və ittifaqı imzalanıb.
Nurəddin Fransanın Afrikadakı təsirinin azalması ilə paralel olaraq Rusiyanın dəstəyi ilə həyata keçirilən çevrilişlər arasında əlaqənin olduğunu, Seneqalın Fayın liderliyində demokratik inkişafa nail olduğunu bildirib: “Fransanın bölgədəki təsirinin azalmasının digər səbəbi Ruanda və Mərkəzi Afrika Respublikasında baş verən bəzi etnik qırğınlarda birbaşa və ya dolayısı ilə məsuliyyət daşımasıdır”.
Afrika resursları üzərindəki təxminən üç əsrlik Fransa hökmranlığı günəşi batdı
Sahel və Sahara bölgəsi üzrə ekspert Qərbi Afrikanın Fransanın himayəsindən çıxarılmasının xüsusilə Seneqal və Çadın gözlənilmədən Fransa hərbi varlığına son qoymasından sonra geri dönməz reallığa çevrildiyini deyib. Nurəddin bu iki ölkənin Cibuti ilə birlikdə Parisin ən mühüm müttəfiqləri olduğunu, Fransanın Afrika qitəsindəki hərbi varlığına hərbi və strateji baxımdan ən mühüm dəstək nöqtələri olaraq qəbul edildiyini bildirib.
ECOWAS-ın ortaq valyuta layihəsinə toxunan Nurəddin bu layihənin həyata keçirilməsinin Fransaya maliyyə baxımından böyük zərbə olacağını vurğulayıb: “Fransa Mərkəzi Bankının nəzarəti altında olan Afrika frankı Fransadan asılılıq yaratmaq və ölkənin valyuta ehtiyatlarına, xarici ticarət mübadilələrinə nəzarəti saxlamaq üçün güclü alət idi”.
Parisin Afrika qitəsinin idxalında payının son 20 ildə 12,5 faizdən təxminən 7 faizə düşdüyünü, bunun da Fransanın geriləməsinin ən böyük göstəricisi olduğunu qeyd edən Nurəddin bildirib: “Bunun əksinə olaraq, Çinin ixracatı eyni dövrdə 33 dəfədən çox artıb. Pekinin ixrac dəyəri Fransanın Afrikaya ixracını təxminən 10 dəfə üstələyib”.
Nurəddin bütün bu göstəricilərin Afrika mənbələri üzərindəki təxminən üç əsrlik Fransa hakimiyyəti günəşinin batdığına işarə etdiyini deyib.
Regional sabitlik
Əgər bu Afrika ölkələri Fransanın təsirini Rusiya və ya Çin təsiri ilə əvəz etməyə çalışsalar, bunun regionda real sabitliyin əldə olunmasına kömək edəcəyini düşünmədiyini deyən Nurəddin qeyd edib: “Bu kontekstdə biz Afrika torpaqlarında beynəlxalq münaqişələrin artması ilə üzləşə bilərik və bunun əvəzini Afrika xalqları, ölkələri ödəyəcəklər”.
Nurəddin bölgədəki dəyişikliyi alqışlayıb və belə bir qiymətləndirmə verib: “Əlbəttə, bu, Afrika ölkələrinin milli suverenliklərini gücləndirmək və güclü iqtisadiyyatlar qurmaq üçün strateji seçimləri nəticəsində xarici təsirin azaldılması deməkdirsə, mən bunu alqışlayıram”.
Dəyişikliyin digər geosiyasi faktorlarla, o cümlədən ümumi Afrika bazarının və azad ticarət zonasının gücləndirilməsi ilə birləşdikdə, regionun sabitliyinə, rifahına və canlanmasına gətirib çıxara biləcəyinə diqqət çəkən Nurəddin demokratiyanın gücləndirilməsinin, ölkələrin daxili xaos risklərindən və xarici müdaxilələrdən qorunmasının sabitliyin ən mühüm təminatı olacağını vurğulayıb.
Nurəddin deyib ki, sabitlik yalnız siyasi, iqtisadi və strateji dəyişənləri özündə birləşdirən tənliyin nəticəsidir: “Bu dəyişənlərin ən mühümlərindən biri vətəndaşın ləyaqətini və azadlığını təmin edən, milli iqtisadi üstünlükləri qəbul edən, cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə həssas təbəqələr üçün məşğulluq və inteqrasiya imkanlarını təmin edən demokratik sistemin qurulmasıdır”.
Nurəddin Sudan, Liviya, Somali və Maliyə xarici müdaxilələri də xatırladıb, böyük dövlətlərin müdaxiləsinə səbəb olan münaqişələri qızışdırmaqdansa, suverenliyə xələl gətirmədən beynəlxalq balans sisteminin qurulmasının vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az